SİYASƏT
Naxçıvanda 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib VİDEO
Naxçıvan, 16 iyun, AZƏRTAC
İyunun 15-də Naxçıvan şəhərində Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Qarnizonunun Hərbi Orkestrinin və Ərzurum Mehtərən Tağımının birgə yürüş-konserti olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Hərbi orkestr və Mehtərən Tağımı Heydər Əliyev prospektində minlərlə şəhər sakininin alqışları altında hərəkət edib, Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan və Türkiyə hərbi marşları ifa olunub.
1993-cü ilin 15 iyun günü böyük xilaskarlıq missiyasının başlanğıcı - Milli Qurtuluş Günü kimi Azərbaycan xalqının tarixinə yazılıb. Xalqın təkidli tələbi ilə yenidən ali hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xalqımızı üzləşdiyi bəlalardan xilas edib, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayıb, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsasını qoyub. Bununla da Azərbaycan, əsası 1969-cu ildə qoyulmuş inkişaf və tərəqqi yoluna qayıdıb.
Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı Milli Qurtuluşun bəhrələridir. “Xalq mənə ümid bəsləyir. Mən bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqıma bağışlayıram və ona qurban verməyə hazıram”, - deyən Ulu Öndərin fədakarlığı olmasaydı, indi Azərbaycan adlı müstəqil dövlət də olmayacaqdı.
Bu gün Ümummilli Liderimizin siyasi xətti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib, dünyada söz sahibi olan müstəqil dövlətə çevrilib. Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında hərtərəfli inkişafa nail olub. Bu gün muxtar respublikada mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir, geniş quruculuq işləri aparılır, şəhər, qəsəbə və kəndlər yenidən qurulur, əhalinin rifahı ilbəil yaxşılaşdırılır.
Bütün bunlara görədir ki, 15 İyun Milli Qurtuluş Günü hər il ölkəmizdə və muxtar respublikada böyük təntənə və bayram sevinci ilə qeyd olunur. Azərbaycana dost və qardaş ölkələrdə də Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilir, xalqımızla həmrəylik və birlik nümayiş etdirilir. Milli Qurtuluş Günündə Naxçıvanda keçirilən tədbirlərdə Ərzurum Mehtərən Tağımının iştirakı da dostluq və həmrəyliyin daha bir ifadəsinə çevrilib.
Ali Məclisin Sədri Ərzurum Mehtərən Tağımının üzvləri ilə görüşüb, uğurlu ifalara görə onlara təşəkkür edib.
Həmin gün muxtar respublikanın rayonlarında da Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib, xalq gəzintiləri təşkil olunub.