Naxçıvanda fəaliyyət göstərən qadın sahibkarlarla görüş keçirilib
Bakı, 16 avqust, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu departamentinin Naxçıvan regional koordinatorluğunun təşkilatçılığı ilə qadın sahibkarlarla görüş keçirilib.
KOBİA-dan AZƏRTAC-a verilən məlumata görə, 25-ə yaxın sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə KOBİA-nın, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, nazirliyin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının və müvəkkil kredit təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüşdə qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqinə, bu sahədə dövlət dəstəyi tədbirlərinə və həyata keçirilən layihələrə, özəl qurumların təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, qadın sahibkarların maliyyə resurslarına və satış bazarlarına çıxışı, sərgilərdə iştirakına dəstək mexanizmlərinə dair məlumat verilib.
Həmçinin görüşdə qadın sahibkarlar uğur hekayələrini bölüşüb, onların təklifləri dinlənilib və sualları cavablandırılıb.