Naxçıvanda hava elektrik xətlərinin təmir-bərpası həyata keçirilib
Naxçıvan, 1 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən elektrik enerjisi təhlükəsizliyini qorumaq, abonentləri dayanıqlı, keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün mühüm tədbirlər həyata keçirilir.
Xidmətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Yüksəkgərginlikli Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən 132/110 kilovoltluq Araz yarımstansiyasından ayrılan 110 kilovoltluq “Araz-3” hava xəttində cari təmir işləri aparılıb.
Təmir zamanı məftilləri dayaqlardan izolə edən zədəli və qırıq izolyatorlar dəyişdirilib, hava xəttində məftillərin torpaqla olan qabarit məsafələri tarazlanıb, əyilmiş 1 ədəd beton aralıq dayaq düzəldilib.
Bundan sonra da abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün tədbirlər davam etdiriləcək.