Naxçıvanda turizmin təbliğində gənclərin rolu artırılır
Naxçıvan, 31 mart, AZƏRTAC
Muxtar respublikanın Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində keçirilən tədbirdə turizm könüllüləri iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov və Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev tədbirdə çıxış edərək, muxtar respublikada turizmin inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlərdən söhbət açıblar. Bildirilib ki, Ağbulaq İstirahət Mərkəzində ilin bütün fəsillərində turistlərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Buranın təbiəti, havası və müasir infrastrukturu turizmin inkişafına geniş imkanlar açır.
Diqqətə çatdırılıb ki, Ağbulaq İstirahət Mərkəzinin təbliğində gənclərin, xüsusilə turizm könüllülərinin üzərinə böyük vəzifələr düşür. Gənclər sosial şəbəkələrdə və digər internet resurslarında bu əsrarəngiz gözəlliyə malik turizm bölgəsinin təbliğində fəallıq göstərməlidirlər.
Turizm könüllüsü Sərxan Əliyev Ağbulaq Turizm-İstirahət Bölgəsinin təkcə muxtar respublikada deyil, ölkə və dünya miqyasında da mühüm turizm bölgəsi olduğunu qeyd edib, onlar üçün yaradılan şəraitdən səmərəli istifadə edərək Ağbulağın daha geniş miqyasda təbliğində fəallıq nümayiş etdirəcəklərini bildirib.
İstirahət mərkəzində muxtar respublikanın tarixi abidələri, gəzməli və görməli yerlərini əks etdirən fotosərgi də təşkil olunub.
Könüllülər Ağbulaq Xizək Mərkəzinin imkanları ilə tanış olub, kanat gəzintisinə çıxıb, çay süfrəsi arxasında təəssüratlarını paylaşıblar.