Naxçıvanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin müsahibə mərhələsi keçirilir
Naxçıvan, 5 mart, AZƏRTAC
Naxçıvanda dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2018-ci il noyabrın 5-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsahibələrə ilk olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Mərkəzi Seçki Komissiyasında işləmək istəyən namizədlər qatılıblar. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Ali Məhkəmə və Təhsil Nazirliyi üstünlük təşkil edib.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır.
Müsahibə başa çatdıqdan dərhal sonra namizədə yekun bal arayışı hazırlanır və şəxsi işinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar komissiyanın müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim olunur. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal komissiyanın rəsmi internet portalında yerləşdirilir.
Qeyd edək ki, 40 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim edib. Test mərhələsində müvafiq keçid balını toplamış 257 namizəddən 239-u müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini komissiyaya təqdim edib. Həmçinin ötənilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 25 namizədin müraciəti nəzərə alınaraq, müsahibə mərhələsində iştirak etmələri üçün onlara lazımi kömək göstərilib. Namizədlərin bu mərhələyə hazırlaşmaları üçün dövlət orqanları üzrə müsahibə proqramları komissiyanın rəsmi internet portalında yerləşdirilib, proqramda ümumi, dövlət orqanı və vəzifə üzrə ədəbiyyat siyahıları göstərilib.
Digər dövlət orqanları üzrə müsahibələr komissiyanın rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraq 2019-cu il martın 18-dək kimi davam edəcək.