Nazir: Ankara yüksək əlavə dəyəri olan məhsulların istehsalını artırmağı hədəfləyir
Ankara, 11 iyul, AZƏRTAC
Müasir Türkiyənin uğurlarına güclü siyasi iradə və sabit investisiya mühiti səbəb oldu. Təsadüfi deyil ki, Türkiyə ixracatı son 23 ildə 36 milyard dollardan 278 milyard dollara qədər artdı. Ankara iqtisadiyyatın bütün sahələrində yüksək əlavə dəyəri olan məhsulların istehsalını artırmağı hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Zonquldağ əyalətində çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Türkiyə hücum dronlarının istehsalında dünyada birinci yerdədir və kommersiya nəqliyyat vasitələri, avtobuslar, Günəş panelləri, məişət texnikası, tekstil, ağac məhsulları və polad istehsalında Avropa lideridir. Ölkə, həmçinin Avropanın aparıcı alüminium, şüşə, keramika, plastik məhsullar, avtomobillər və külək turbinləri komponentləri istehsalçılarından biridir.
F.Kacır ölkənin nailiyyətlərinin Türkiyənin potensialını tam əks etdirmədiyinə əminliyini ifadə edib.
Sənaye və texnologiya naziri bildirib ki, Türkiyənin sənaye istehsalında prioritetlərindən biri onun ətraf mühitə təsirini minimuma endirməkdir.
Nazir xatırladıb ki, Türkiyənin ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı, bütün istehsalçılar üçün aydın öhdəliklər nəzərdə tutan “Avropa Yaşıl Sövdələşməsi” (European Green Deal) və karbon standartlarını qəbul edib. “Tullantıların təkrar emalına üstünlük verən, karbon izini azaldan və resursların səmərəliliyini artıran şirkətlər mənfəət əldə edir. Biz məhz bu istiqamətdə irəliləyirik”, - deyə türkiyəli nazir vurğulayıb.