Nazir: Cari ilin birinci rübündə ümumi cinayətlərin açılması 81,9 faiz təşkil edib
Bakı, 14 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə ümumi cinayətlərin açılması 81,9 faiz təşkil edib və 80,3 faizi böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub. Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 9.448 cinayətin 83,5 faizi, o cümlədən keçmiş illərdən bağlı qalmış 95 cinayət açılıb.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov deyib.
Nazir qeyd edib ki, qəsdən adamöldürmələr, qəsdən sağlamlığa ağır zərər vurmalar, mənzillərdən edilən oğurluqlar, mal-qara oğurluqları, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən və odlu silahın tətbiqi ilə baş verən hüquqazidd əməllər 2022-ci ilin 3 ayı ilə müqayisədə azalıb. Ağır və xüsusilə ağır cinayətlərin, şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin, qəsdən sağlamlığa ağır zərər vurmaların, habelə quldurluqların açılması yaxşılaşıb. İstintaq prosesində görülmüş tədbirlərlə cinayətlərdən zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın 78,5 faizi ödətdirilib.
Həmçinin yerli və dövlətlərarası axtarışda olan 1.572 təqsirləndirilən şəxs tutulub, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərlə 170 cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib.