Nazir müavini: Azərbaycanda fərdi məlumatlar sahəsində beynəlxalq tələblərə uyğun tədbirlər reallaşdırılır
Bakı, 5 mart, AZƏRTAC
Fərdi məlumatlar üzrə qanunvericiliyin formalaşdırılması Avropada 1981-ci ildən həyata keçirilməyə başlanıb. 1995-ci ildə isə fərdi məlumatlara dair Avropa İttifaqının xüsusi Direktivi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” mövzusunda tədbirdə bildirib.
Nazir müavini, həmçinin 2016-cı ildə fərdi məlumatlar üzrə ümumi qaydalarla bağlı yeni, qlobal sənədin təsdiq edildiyini və sözügedən sənədin 2018-ci ildən qüvvəyə mindiyini diqqətə çatdırıb: “Bütün bunlar onu göstərir ki, fərdi məlumatlar sahəsində məqsədyönlü işlər gedir. Azərbaycanda da bu istiqamətdə beynəlxalq tələblərə uyğun tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Konstitusiyasında şəxsi toxunulmazlıq hüququnun tərkib hissəsi kimi fərdi məlumatlar qeyd edilib. Eyni zamanda, fərdi məlumatlara aid edilən əsas məqamlar burada öz əksini tapıb”, - deyə E.Vəlizadə vurğulayıb.