Nazir müavini: Müasir şəhərsalmada əhalinin bütün təbəqələri üçün bərabər imkanlar yaradılmalıdır VİDEO
Bakı, 17 may, AZƏRTAC
Gələcək şəhərlərdə insanların rahatlığı və ictimai nəqliyyatın havanı çirkləndirməməsi təmin olunmalıdır. Yeni şəhərlərin tikintisi üçün elə ərazilər seçilməlidir ki, orada infrastruktur yaratmaq məqsədəuyğun olsun və şəhərdə düzgün infrastruktur qurulsun.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən İranın yol və şəhərsalma nazirinin müavini Həbibullah Təherkhani deyib.
Onun sözlərinə görə, gələcək şəhərlər müxtəlif təbii fəlakətlərə davamlı, vətəndaşlar üçün layiqli şəraitə uyğun olaraq salınmalıdır.
“Bu zaman təbəqələşməyə imkan vermək düzgün olmaz, hamı üçün bərabər imkanlar yaradılmalıdır. Cəmiyyətin yalnız bir hissəsi üçün imkanlar yaratmaq digərlərini isə diqqətdən kənarda qoymaq sosial ədalətsizliyi ortaya çıxarır ki, bu da problemli vəziyyətə səbəb olur. İran bu məsələləri diqqətdə saxlayır”, - deyə Həbibullah Təherkhani vurğulayıb.
Nazir müavini tədbirin yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdıraraq qeyd edib ki, Bakı şəhərinin infrastrukturu müasir standartlara cavab verir: “Burada insanların rahatlığı üçün şərait yaradılıb. Hazırda İranda dağıdılmış şəhərlərin bərpası həyata keçirilir. Bir sıra şəhərlərdə təmir-bərpa işləri yerinə yetirilir və bu işlərin həyata keçirilməsində yeni texnologiyalardan istifadə olunaraq əhalinin sərbəst hərəkəti, rahatlığı və hərəkət imkanları nəzərə alınır”.