NAZİRLƏR KABİNETİNDƏ QƏBUL
Baş nazir qonaqları salamlayaraq, qardaş ölkənin belə mötəbər nümayəndə heyətinin səfərinin respublikamızın ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğuladı, bütün istiqamətlərdə fəal surətdə inkişaf edən Azərbaycan-Ukrayna münasibətlərinin səviyyəsini yüksək qiymətləndirdi. Bildirildi ki, ikitərəfli əlaqələrin genişlənməsi ilə yanaşı, MDB və GUÖAM çərçivəsində də münasibətlər intensiv inkişaf edir. Beynəlxalq həyatın bir çox məsələlərinə münasibətdə ölkələrimizin mövqeləri üst-üstə düşür və bir sıra beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək müşahidə olunur.
Artur Rasizadə ölkədə həyata keçirilən iqtisadi islahatlar barədə qonaqlara məlumat verərək dedi ki, adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan nəinki MDB məkanında, həm də Şərqi Avropa ölkələri arasında liderdir.
Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasında Azərbaycan rəhbərliyinin səylərindən də danışdı.
Səmimi qəbula görə minnətdarlığını bildirən Ukrayna Ali Radasının sədri Vladimir Litvin Bakıda keçirdiyi görüşlərdən danışdı, parlamentlərarası əməkdaşlığın, habelə bütün digər sahələrdə əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğuladı.
Qəbulda Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Ukraynanın ölkəmzdəki səfiri Boris Aleksenko iştirak edirdilər.