REGİONLAR
NDU-da memarlıq və robototexnika üzrə sərgi açılıb
Naxçıvan, 3 iyun, Naxçıvan
Naxçıvan Dövlət Universitetinin (NDU) Memarlıq və mühəndislik fakültəsində memarlıq və robototexnika üzrə açılan sərgidə rektor Elbrus İsayev fakültədə yeni yaradılan Robototexnika kabinəsinin uğurlu fəaliyyətindən danışıb.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-a bildirilib ki, rektor tələbələrin nəzəri biliklərinin praktiki olaraq həyata keçirilməsini nəzərdə tutan kabinənin zəruri avadanlıqlarla təchiz olunduğunu vurğulayıb. Bildirib ki, artıq fakültədə Qeyri-səlis məntiq nəzəriyyəsi, Süni intellekt, Nanotexnologiya, Robototexnika, Mexatronika və Robototexnika kimi yeni seçmə fənlər tədris olunacaq.
Vurğulanıb ki, tələbələrin startap layihələrini də yerinə yetirmək üçün burada hər bir şərait yaradılıb. Təyin olunmuş layihələr əsasında tələbələrə proqramlaşdırma və elektronika üzrə kurslar təşkil olunur. Sonda isə tələbələr qazandığı bilik və bacarıqlar sayəsində müxtəlif robotik sistemlər hazırlaya biləcəklər ki, bu da gələcəkdə elm və texnikanın müxtəlif sahələrinə öz töhfəsini verəcək.
Sonra 15 eskiz, 20 memarlıq layihəsi, 20 xalçaçılıq ornomentlərinə dair əl işinin təqdim olunduğu sərgiyə baxış keçirilib. Sərgi müəllim və tələbələrin birgə ərsəyə gətirdikləri əl işlərindən ibarət olub.
Müxtəlif binaların eskizləri, hazır maketlər, birmərtəbəli, ikimərtəbəli, çoxmərtəbəli binaların layihəsi, fakültənin gələcəkdə qurulması nəzərdə tutulan binasının da eskiz layihəsi nümayiş etdirilib.
Sərgidə, həmçinin muxtar respublikada tikintisi həyata keçirilən layihələr də yer alıb, tələbələrin hazırladıqları müxtəlif maketlərlə yanaşı, robototexnika sahəsinə dair 20-yə yaxın iş təqdim olunub.
Sonda rektor Memarlıq və Robototexnika üzrə sərgidə əsərləri təqdim olunan müəllim və tələbələri diplom, bir qrup müəllimə isə keçdikləri nümunəvi dərslərə görə təşəkkürnamə təqdim edib.