“NƏ ÜÇÜN AZƏRBAYCAN SİLKƏLƏNMƏDİ?”
Məqalə bəzi məqamlara görə maraq doğurur. Birincisi, məqalənin müəllifi erməni mənşəli İsveçrə jurnalistidir. İkincisi, müəllif öz həmvətənlərindən fərqli olaraq, məqaləsini qızışdırıcı ruhda deyil, ölkəmizə qara yaxmağı qarşısına məqsəd qoymayaraq yazmışdır. Üçüncüsü isə, məqalə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçiriləcək görüşü ərəfəsində qələmə alınmışdır. Deyəsən, bəzi ermənilər artıq Azərbaycan həqiqətləri ilə razılaşmağa meyil göstərməyə başlamışlar.
Cenevrədə yaşayan Viken Şeteryan məqaləsinin əvvəlində yazır: Çoxları Kosovo, Gürcüstan və Ukraynadan sonra Azərbaycanda “qəzəbli inqilab” baş verəcəyini güman edirdilər. Amma bu inqilab baş vermədi. Çünki 2005-ci ilin noyabr ayında keçirilmiş parlament seçkilərində xalqın əksəriyyəti Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın namizədlərini dəstəklədi və Yeni Azərbaycan Partiyası parlamentdə daha çox yer aldı.
O, 2003-cü ildə keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsini qeyd edərək göstərir ki, bəziləri ölkə başçısı kimi onun fəaliyyətinə şübhə ilə yanaşırdılar. Amma Prezident İlham Əliyev bu şübhələrə son qoydu və ölkədə sabitliyi daha da möhkəmləndirdi.
Keçmiş Sovet İttifaqı respublikalarından Gürcüstanda, Ukraynada və Qırğızıstanda seçkilər zamanı baş vermiş dramatik hadisələrlə ölkəmizin qarşılaşmadığını xalqın öz Prezidentinə inamı kimi qiymətləndirən müəllif jurnalistlərdən birinin Prezident İlham Əliyevə Azərbaycanda inqilabın mümkünlüyü barədə sualla müraciət edərkən, Prezidentin Azərbaycanda bunun üçün heç bir əsas olmadığı və hər xalqın özünəməxsus tarixi olduğu cavabını verdiyini bildirmişdir.
Müəllif 1992-1993-cü illərdə hakimiyyətdə olmuş bugünkü müxalifətin məhz həmin dövrdə zəif idarəçilik qabiliyyətinə malik olduqlarını nümayiş etdirdiklərini, ölkədə böhranın getdikcə dərinləşdiyini, xaos vəziyyəti yarandığını göstərmiş və belə çətin və ağır bir vaxtda xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtmış təcrübəli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi sayəsində sabitliyin bərpa edildiyini və münaqişədə atəşkəsə nail olunduğunu qeyd etmişdir.
Azərbaycanın iqtisadi qüdrətinin yüksəlişində və demokratiyanın inkişafında ümummilli lider Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin qısa bir vaxt ərzində ölkənin ictimai-siyasi və sosial həyatında mühüm dəyişikliklər apardığı məqalədə xüsusi vurğulanmışdır. Parlament seçkilərindən ətraflı bəhs edən müəllif seçkilər ərəfəsindəki hadisələrə toxunmuş, dövlət çevrilişi etməyə cəhd göstərən bir qrup şəxsin zərərsizləşdirildiyini xatırlatmışdır.
XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanın neft hasilatı sahəsində dünyada mühüm rola malik olduğunu göstərən müəllif Bakı-Tbilisi-Ceyhan neft kəməri tam istifadəyə verildikdən sonra ölkənin iqtisadi qüdrətinin daha da yüksələcəyini, 2030-cu ildə neft satışından 160 milyard dollar gəlir götürəcəyini vurğulamış, Prezident İlham Əliyevin Azərbaycanda yoxsulluğun, işsizliyin tezliklə aradan qaldırılacağı və korrupsiyaya qarşı ciddi tədbirlər görüləcəyi barədə vədlərini fransız oxucularının diqqətinə çatdırmışdır.
Məqalənin sonunda Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsindən bəhs edən jurnalist yazır ki, Prezident Heydər Əliyevin təşəbbüsü ilə sülh danışıqlarına başlanandan sonra Bakı daim ölkənin ərazi bütövlüyü prinsipindən çıxış edir. Ermənistan tərəfindən dəstəklənən Qarabağ erməniləri isə müstəqillik istəyirlər. Xarici işlər nazirlərinin vaxtaşırı keçirilən görüşləri nəzərə alınmazsa, iki qonşu ölkə arasında heç bir əlaqə yoxdur.
Müəllif sülh danışıqları nəticə vermədiyi halda, münaqişənin hərbi yolla həllinin mümkünlüyü barədə Azərbaycan rəsmilərinin xəbərdarlığını xatırladaraq, ölkəmizin müdafiə xərclərinə ayrılan vəsaitin iki dəfə artırıldığını, münaqişə ilə əlaqədar Azərbaycanda və Ermənistanda ictimai fikirlərin bir-birindən radikal şəkildə fərqli olduğunu göstərmişdir. V.Şeteryan ermənilərin əksəriyyətinin münaqişənin artıq başa çatdığını və nəhayət “tarixi həqiqətin” öz həllini tapdığını güman etdikləri halda, azərbaycanlıların Qarabağı millətin şərəf simvolu hesab edərək, onu geri almağa çalışdıqlarını qeyd etmişdir.