NEFT SƏNAYESİNDƏ QƏZALARIN, FÖVQƏLADƏ VƏZİYYƏTLƏRİN QARŞISINI ALMAQ ÜÇÜN XÜSUSİ MƏRKƏZ YARADILMALIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, BDU-nun rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov seminarı açaraq, Azərbaycanın regionda enerji daşıyıcıları ilə zəngin yeganə dövlət olduğunu vurğulamış və neft və qaz kəmərlərinin beynəlxalq normalara uyğun mühafizəsi məsələsinin dövlətimizi narahat edən problemlərdən biri olduğunu söyləmişdir. Rektor ABŞ-ın MPRİ şirkətinin nümayəndəsi Rocer Kukun ölkəmizin Vaşinqtondakı səfiri Hafiz Paşayevin xahişi ilə tədbirdə iştirak etmək üçün Bakıya gəldiyini bildirdi.
Rocer Kuk təmsil etdiyi şirkət barədə məlumat verərək, təşkilatın fövqəladə vəziyyətlərdən çıxmaq üçün hazırladığı proqramlardan danışdı və onların müxtəlif ölkələrdə tətbiqindən misallar gətirdi. Böhran halları üzrə proqramların hər 5 ildən bir yeniləşdiyini deyən natiq, Azərbaycanda neft və qaz kəmərlərinin mühafizəsi, neft sızmalarının qarşısının alınması kimi problemlərin həllində şirkətinin yaxından kömək edə biləcəyini söylədi.
QDUŞ QTEM-in baş katibi, professor Eden Mamut İskəndəriyyə (Misir) şəhərindəki fövqəladə hallara qarşı mübarizə mərkəzi barədə qısa məlumat vermiş və Azərbaycanda da dünya standartları səviyyəsində belə mərkəzin yaradılması zəruriliyini vurğulamışdır.
Sonda tədbir iştirakçılarının fikir mübadiləsi oldu.