Neft və Qaz İnstitutunun magistrləri dissertasiyalarını onlayn müdafiə ediblər
Bakı, 19 iyun, AZƏRTAC
AMEA-nın Neft və Qaz İnstitutunda geologiya, geologiya mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, akademik Əkbər Feyzullayevin sədrliyi ilə “Skype” platforması üzərindən keçirilən İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov da iştirak edib.
İclasda Pünhan Səmədlinin “Bakı arxipelaqının şimal hissəsinin palçıq vulkanlarının püskürmə məhsullarının geokimyəvi xüsusiyyətləri”, Nurlana Quliyevanın “Xızı sahəsində Mezozoy hövzəsinin neft-qaz perspektivliyi”, Orxan Nəbizadənin “Deformasiya olunan layların neft veriminin artırılmasında üfüqi quyuların tətbiqi” və Elmin Məmmədovun “Qazkondensat yataqlarının işlənilməsini təmin edən texnologiyalar” mövzusunda dissertasiya işləri təqdim olunub.
Magistrantların təqdim etdikləri mövzularla bağlı müzakirələr aparılıb. Müzakirələrdə şura üzvləri təklif və tövsiyələrini bildiriblər.
Sonra açıq səsvermə keçirilib və dissertasiya işləri müvafiq meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən 4 magistrantın hər birinə magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.