Neftçalada məktəblilər narkomaniya və erkən nikahın fəsadları barədə maarifləndiriliblər
Neftçala, 22 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xıllı qəsəbəsi, Astanlı və Boyat kəndlərində yerləşən dörd məktəbdə “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha qətiyyətlə yox deyək” mövzularında maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə Təhsil Şöbəsinin nümayəndələri, Rayon Polis Şöbəsinin əməkdaşları, məktəblərin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlər zamanı çıxış edənlər narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışaraq, şagirdlərə bu barədə geniş məlumat veriblər. Bildirilib ki, “Ağ ölüm” adlandırılan narkomaniya cəmiyyət üçün böyük və sarsıdıcı təhlükədir, bu maddələrin aludəçisinə çevrilmiş şəxslər həyatlarını tamamilə məhv etmiş olurlar. Zərərli vərdişlərə qurşanan gənclər tamamilə cəmiyyətdən təcrid olunur, ailə, əxlaq dəyərlərindən uzaq düşür və bir daha normal həyata qayıda bilmirlər.
“Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən digər tədbir iştirakçıları isə yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər. Şagirdlərə əsasən təhsilə maraq göstərməli olduqlarını qeyd edən məruzəçilər, onların gələcəyin müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıblar.
Tədbirlərin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.