Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət sərtləşdirilir
Bakı, 23 iyun, AZƏRTAC
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Azərbaycan parlamentində üçüncü oxunuşda təsdiqləndi.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin iyunun 23-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihədə yol-nəqliyyat hadisələrinin baş verməsinin səbəblərindən biri olan nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə, xüsusilə narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə idarə edilməsinə görə inzibati məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.
Sənəddə nəqliyyat vasitələrinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı ayrıca inzibati xətanın müəyyən edilməsi, həmin xətanın alkoqol sərxoşluğu vəziyyətində törədilən xətalardan fərqləndirilərək sanksiyalarının ağırlaşdırılması nəzərdə tutulur.
Bundan əlavə, layihədə yol-nəqliyyat hadisələrinin baş verməsinin digər səbəblərindən olan sürət həddinin aşılması, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma, ötmə və manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması və s. halların törədilməsinin qarşısının alınması məqsədilə İnzibati Xətalar Məcəlləsində qeyd edilənləri nəzərdə tutan müvafiq xətalara görə sanksiyalarının sərtləşdirilməsi təklif olunub.
Layihənin əsas məqsədi qanunun çəkindirici gücünün artırılması və daha ağır qəzalara risk yaradan hallara qarşı mübarizədir.