Nərimanov rayonunda avtomobilin aşması nəticəsində sürücünün ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 18 iyun, AZƏRTAC
Prokurorluq iyunun 18-də gecə saatlarında Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nərimanov Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, iyunun 18-də saat 01 radələrində Nərimanov rayonu ərazisində paytaxt sakini 1969-cu il təvəllüdlü Qəhrəman İmanovun idarə etdiyi “Azsamand” markalı 99-GV-137 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Qəza nəticəsində Q.İmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan Q.İmanovun meyitini deformasiyaya uğrayan avtomobildən çıxarıblar.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.