Nəsimi rayonunda narkomaniya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Bakı, 27 noyabr, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə rayonun 164 saylı tam orta məktəbində “Azərbaycan gəncləri narkotikə yox deyir” mövzusunda tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rayon polis idarəsinin rəisi, polis polkovniki Mirnemət Mirbabayev narkomaniyanın törətdiyi fəsadlar, cəmiyyətə vurduğu zərər, insan talelərinə faciəvi təsirləri haqda şagirdlərə geniş məlumat verib. Narkotiklərlə mübarizə sahəsində ölkədə aparılan işlər barədə söhbət açılıb, daxili işlər orqanları əməkdaşlarının bu istiqamətdə gördüyü məqsədyönlü tədbirlər, onların nəticələri barədə danışılıb.
Sonra çıxış rayon icra hakimiyyətinin, səhiyyə və təhsil idarələrinin nümayəndələri narkotiklərin hər bir cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğunu qeyd ediblər, bu fəlakətli nəticələrin aradan qaldırılması üçün bütün cəmiyyətin birgə səylərinin uzlaşdırılmasının tələb olunduğunu diqqətə çatdırıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, eləcə də narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarxlar nümayiş olunub.