“Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabı nəşr edilib
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəsimişünas alimin monoqrafiyasında şairin poetik irsinin tədqiqi tarixinə nəzər salınır, bu kontekstdə nəsimişünaslıqda mövcud olan mübahisəli məsələlərə münasibət bildirilir, onun irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər araşdırılır. Şairin söz sənətindəki yerini göstərən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar ənənə və fərdiyyət kontekstində dəyərləndirilir.
Monoqrafiya giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyaya “Ön söz”ü kitabın elmi redaktoru, filologiya üzrə elmlər doktoru Esmira Fuad yazıb.
Birinci fəsildə Nəsimi lirikasının tədqiqi tarixinə nəzər salınır. Burada orta əsrlər müəlliflərinin baxış bucağından Nəsiminin söz sənətkarlığı, şairin sovet dövründə Azərbaycan elmi mühitində dəyərləndirilməsi və xarici tədqiqatlarda başlıca istiqamətlər nəzərdən keçirilir. “Nəsimi lirikasının başlıca irfani məcaz və motivləri” başlıqlı ikinci fəsildə müəllif Nəsimi şeirində folklor motivlərinin irfani interpretasiyası, hürufilik təlimi və Nəsimi hürufiliyinin özəllikləri, Nəsiminin lirik səciyyəli şeirlərində eşq anlayışı, spesifik irfani termin-məcazlar və anlam tutumları, təsəvvüfün ənənəvi motivlərinin Nəsiminin düşüncə sistemindəki yerini diqqətə çatdırır. Bu fəslin başlıca yeniliyi ilk dəfə Nəsimi şeirində işlək irfani terminlərin (“ənəlhəq”, “can”, “cahan”, “canan”, “hicab”, “ləb” və s.) müəyyənləşdirilməsi və təsəvvüfi anlayışlarda ənənə ilə fərdiyyətin nisbətinin təhlilidir.
“Nəsiminin söz sənətkarlığı” adlı üçüncü fəsildə mənəvi və üslubi-mənəvi fiqurlar, eləcə də poetik fiqur və poetik forma yaradıcılığında bədii sənətlərin yeri mövzuları araşdırılır. Monoqrafiyada ilk dəfə olaraq, Nəsimi şeirinin bədii xüsusiyyətləri orta dövr Şərq poetikasının qaynaqları - İbn Mütəzz, Raduyani, Rəşidəddin Vətvat, Şərəfəddin Rami, Şəms Qeys Razi, Vəhid Təbrizi və digərlərinin əsərləri əsasında tədqiqata cəlb edilib. Şeir nəzəriyyəsinə dair bu mötəbər əsərlərə istinadla təşbeh, eyham, istiarə, müraatün-nəzir, epitet, hüsni-təlil, irsalül-misal, cinas və s. kimi poetik fiqurların Nəsimi şeirindəki funksiyası açıqlanıb, şairin poetikasının özəllikləri müəyyənləşdirilib.
Kitab mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr və ümumiyyətlə, Nəsimini sevənlər üçün nəzərdə tutulub.