AzTU-nun nümayəndə heyəti Qazaxıstanda səfərdədir
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində Özt-Kamenoqorsk şəhərində D.Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universitetində (EKTU) və metallurgiya sənaye kompleksi müəssisələrində görüşlər keçirib.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.
Bildirilib ki, EKTU-da görüş zamanı metallurgiya, İKT, nəqliyyat, energetika və digər aidiyyəti sahələrdə birgə tədqiqatlar, akademik mübadilə proqramları və birgə innovativ layihələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib. Eyni zamanda, AzTU-nun nümayəndə heyəti EKTU-nun müasir tədqiqat laboratoriyaları və texnoloji infrastrukturu ilə də yaxından tanış olub.
Metallurgiya müəssisələrində keçirilən görüşlərdə universitet-sənaye əməkdaşlığının inkişafı, tədris proqramlarının müasir istehsal texnologiyalarına inteqrasiyası, təcrübələrin təşkili və sənaye müəssisələri ilə birgə mühəndis kadrların hazırlanması istiqamətində iki qardaş ölkə universitetlərinin əməkdaşlığının vacibliyi qeyd olunub.
Qeyd edək ki, nümayəndə heyətində AzTU-nun Sənaye Dizaynı və Texnologiyalar İnstitutunun direktoru Manafəddin Namazov və Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli təmsil olunub.