Nic qəsəbəsində “Qəbələ mənzərələri” adlı etüd-sərgi təşkil edilib
Qəbələ, 21 iyul, Mustafa Dadaşov, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsindəki “Alban-Udi Ocağı”nda “Vətənpərvərlik etüdləri” mövzusunda “Qəbələ mənzərələri” adlı etüd-sərgi təşkil edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, YAP Yasamal rayon təşkilatı, Yasamal və Qəbələ rayon Heydər Əliyev mərkəzləri, Alban-Udi dini icması və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə reallaşan tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin Qəbələ şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Qəbələ rayon Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Tədbir iştirakçıları sonra Nic qəsəbəsinə gələrək “Alban-Udi Ocağı” etnoqrafik mərkəzdə udi icmasının üzvləri ilə görüşüblər. Burada “Qəbələ mənzərələri” adlı etüd-sərgi açılıb. Sərgidə iştirak edən rəssamlara diplomlar təqdim edilib.
Sonda tədbir iştirakçıları Qəbələnin görməli yerləri və tarixi məkanları ilə tanış olublar.