NİC QƏSƏBƏSİNDƏKİ UDİ KİLSƏSİNDƏ BƏRPA İŞLƏRİ BAŞA ÇATIB
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mərasimdə Udi Milli Mədəniyyət Mərkəzinin rəhbəri Keçaari Georgiyev, Alban-Udi Xristian icmasının sədri Robert Mobili Qafqazın ən qədim etnoslarından olan udilərin tarixi, mədəniyyəti və milli adət-ənənələri barədə məlumat vermiş, hazırda dünyada 10 minə yaxın, o cümlədən Nic qəsəbəsində 4 min udinin yaşadığını söyləmişlər. Natiqlər ümummilli liderimiz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində bu gün udilərin Azərbaycanın tamhüquqlu vətəndaşına çevrildiyini xüsusi qeyd etmişlər. Onlar vurğulamışlar ki, ölkə başçısı İlham Əliyevin ötən il avqustun 18-də Qəbələ rayonuna, eləcə də Nic qəsəbəsinə tarixi səfəri udilərin yaddaşında dərin iz buraxmışdır.
Azsaylı xalqların adət-ənənələrinin, milli mədəniyyətlərinin qorunub saxlanmasına göstərdiyi yüksək diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıq ifadə olunmuşdur.
Milli Məclisin deputatı Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov ölkə başçısının bölgəyə səfərindən sonra Qəbələdə, eləcə də Nic qəsəbəsində aparılan genişmiqyaslı quruculuq işlərindən danışmış, Prezidentin xüsusi tapşırığına əsasən, hazırda qəsəbədə geniş abadlıq işlərinin aparıldığını, qəsəbənin mərkəzində yeni parkın yaradıldığını, 10 kilometrədək daxili yola asfalt döşəndiyini, bu işlərin davam etdirildiyini diqqətə çatdırmışlar.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova çıxış edərək abidədə aparılan bərpa işləri barədə geniş məlumat vermiş, bərpa işlərinə göstərdikləri köməyə görə əlaqədar qurumlara və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Mərasimdə Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev, Norveç Humanitar Təşkilatının baş katibi Rolf Kcode, Roma Katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi İan Çapla, MDB ölkələrindən gəlmiş udi icma nümayəndələri və digər qonaqlar da çıxış etmişlər.
Kilsənin rəsmi açılışından sonra qonaqlar burada aparılan bərpa işləri ilə tanış olmuşlar.