Nigar Müslümova: Müasir incəsənət güclü ideyaya əsaslanmalıdır
Bakı, 10 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycanın təsviri sənəti ənənələrin və müasir bədii axtarışların dinamik sintezi şəraitində inkişaf edir. Rəssamlar klassik formaları fəal şəkildə yenidən düşünür, eksperimentlərə və yeni ifadə vasitələrinə müraciət edirlər. Qarabağın işğaldan azad edilməsi və Şuşanın dirçəldilməsi sənət ictimaiyyəti üçün xüsusi daxili stimul olub. İncəsənət ustaları üçün bu, tarixi travmanı aradan qaldırmaq, yaddaşı yeni prizmadan dərk etmək və mənəvi irsin dirçəldilməsinə müraciət etmək imkanıdır.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Rəssamlar İttifaqının və beynəlxalq “Arts Council” təşkilatının üzvü Nigar Müslümova deyib.
Onun sözlərinə görə, müasir bədii dilin milli mədəni əsaslarla vəhdəti Azərbaycan incəsənətinin üstün fərqləndirici cəhətlərindən birini ortaya qoyur.
“Müasir qlobal bədii meynstrimin konseptualizmə və formanın qeyri-maddiləşməsinə getdikcə daha dərindən yönələrək yerli xüsusiyyətləri tədricən itirdiyi halda, Azərbaycan incəsənəti materialın və milli koloritin özünəməxsusluğunu qoruyub saxlayır. Biz bütün dünyada anlaşılan müasir vizual dildə danışırıq, lakin bu dil vasitəsilə mədəniyyətimizin qavrayışını özünəməxsus şəkildə ifadə edirik”, – deyə həmsöhbətimiz qeyd edib.
N.Müslümova vurğulayıb ki, yaradıcılığında tez-tez milli mövzulara müraciət edir və ənənəvi elementlərdən istifadə edərək onları müasir bədii kontekstdə açmağa çalışır.
Azərbaycanın təsviri sənətində hələ kifayət qədər əks olunmayan mövzulardan danışan rəssam yeni istiqamətlərin mənimsənilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, tədqiqatyönümlü incəsənəti daha fəal inkişaf etdirmək, ölkənin müxtəlif regionları ilə əməkdaşlığı genişləndirmək, həmçinin ekoloji problemlərin bədii müstəvidə əks etdirilməsinə daha çox diqqət yetirmək lazımdır.
“Bizə dərin, düşünülmüş realizm, yəni, reallığa dürüst və aydın baxış çatışmır. Belə əsərlər çox vaxt ümumi informasiya səs-küyündə itib gedir, həqiqi keyfiyyətli işlər isə o qədər az yaradılır ki, tamaşaçı bəzən onları görməkdə çətinlik çəkir”, – deyə o əlavə edib.
Rəssamın milli dəyərlərə bağlılığını qorumaqla yanaşı, geniş beynəlxalq auditoriya üçün anlaşılan əsərlər yaratmasının mümkünlüyü barədə danışan N.Müslümova qeyd edib ki, müasir incəsənət yalnız vizual tərəflə məhdudlaşmamalıdır.
“Əsərin təməlində mütləq ideya dayanmalıdır. Güclü fikir ilə dəstəklənməyən təmiz estetika öz aktuallığını tez itirir, dərin ideya isə əsəri zamansız edə bilər. Əgər rəssam müasir incəsənət vasitələri ilə tamaşaçını doğma mədəniyyəti ilə səmimi şəkildə tanış etməyə çalışırsa, bu, təbii şəkildə onun əsərində özünü göstərəcək və tamaşaçı bunu mütləq hiss edəcək. Bununla yanaşı, dünya ilə dialoq daha çox müəllifin intellektual həssaslığından, seçdiyi mövzunu nə dərəcədə incə və inandırıcı şəkildə açmasından asılıdır. Beynəlxalq auditoriya üçün dərin məna və rəssamın milli məzmunu anlaşılan vizual obrazda ifadə etmək bacarığı vacib məsələdir”, – deyə N.Müslümova fikrini yekunlaşdırıb.
Müxbir – Günel Alıyeva