Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından
AZƏRTAC-a verilən məlumata görə, qarşıdakı mövsümdə ilk premyera görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Niyazinin “Rast” simfonik muğamı əsasında səhnəyə qoyulan iki pərdəli balet tamaşası olacaqdır. Tamaşanın quruluşçu baletmeysteri Azərbaycan Respublikasının xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, musiqi rəhbəri və dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi Cavanşir Cəfərov, musiqi redaktoru, əməkdar incəsənət xadimi, professor Musa Mirzəyev, quruluşçu rəssamı Azərbaycanın xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, librettonun müəllifi jurnalist və tənqidçi Əjdər Hacıyevdir. Layihənin gerçəkləşdirilməsində iştirak edəcək ən maraqlı simalardan biri görkəmli muğam ustası, xalq artisti Alim Qasımov və onun yaradıcı kollektividir. Yeni balet tamaşasının əsasını təkcə xoreoqrafiq rəqslər deyil, həm də səhnədə zərb alətləri kollektivinin çıxışı və xanəndə Alim Qasımovun ifası təşkil edəcəkdir. Hazırda dünyanın bir sıra aparıcı balet səhnələrində müvəffəqiyyətlə təcrübədən keçirilən bu üsulun Azərbaycan Opera və Balet Teatrına da uğur gətirəcəyinə şübhə yoxdur. Yeni muğam-baletin yaranması maestro Niyazinin zəngin musiqi irsinin təbliğinə böyük töhfə olacaqdır.
Baletin süjeti Azərbaycanın keçmişinə aid tarixi faktlar əsasında qurulmuşdur. Qəhrəman qız Tomrisin yadelli işğalçılara qarşı vətənin azadlığı uğrunda mübarizəsi, bu mübarizədə qılıncın gücü və qadın müdrikliyi ilə qələbə çalması tamaşanın əsas leytmotivini təşkil edir.
Tamaşada əməkdar incəsənət xadimi Yulana Əlikişizadənin rəhbərlik etdiyi balet truppasının artistləri iştirak edəcəklər. Əsas rollarda truppanın gənc solistləri Kamilla Hüseynova (Tomris), Yelena Skomoroşenko (Banu), İslam İslamov (Şah) və əməkdar artist Gülağası Mirzəyev (Atr) çıxış edəcəklər.