MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində iki yeni filmin nümayişinə başlanılmışdır VİDEO
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 19-dаn etibarən Nizami Kino Mərkəzində Türkiyənin “Qızım üçün” və ABŞ–ın “Qarışdırılmışlar” filmlərinin nümayişinə başlanılmışdır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, rejissor Hakan Haksunun dram janrında çəkdiyi “Qızım üçün” filmi vaxtilə sevib evləndiyi qadını uşaq ilə qoyub getmiş Tuncerin həyat hekayəsindən bəhs edir. Uzun illər keçəndən sonra qızı Tuba ilə üz-üzə gələn baş qəhrəman, onun 18 yaşını qeyd etmək üçün İstanbul boğazındakı dəbdəbəli malikanəsinə gətirir. Tubanı burada sürprizlərlə dolu hadisələr gözləyir.
Filmdə baş qəhrəman obrazlarını Yetkin Dikinciler və Eda Ece canlandırmışlar. Rollarda İnci Turkay, Berke Üzrek, Yakup Yavru çəkilmişlər.
ABŞ istehsalı olan “Qarışdırılmışlar” filmi komediya janrındadır.
Hərdən gözlənilməz görüş insana ikinci yarısını tapmaq üçün şans verir və sonrakı görüşlər toyla bitən əsl eşq romanına çevrilir. Amma filmin qəhrəmanları ilə bu, baş vermir. Kafedə keçirdikləri ilk görüşdən məmnun qalmayan Cimm ilə Loren bir də üz-üzə gəlməyəcəklərinə ümid edirlər. Amma tale başqa qərar verir. Cimm öz qızları, Loren isə oğulları ilə birgə Afrikaya dincəlməyə yollanırlar. Burada onlar yenidən rastlaşırlar və bir-birinə qarşı hissləri oyanmağa başlayır.
Rejissoru Frenk Koraçi olan filmdə rolları Adam Sendler, Dryu Berrimor, Bella Torn, Terri Kryus, Vendi MakLendon-Kovi oynamışlar.