Nizami rayonunda şəhid Elman Hüseynov adına küçənin açılışı olub
Bakı, 2 sentyabr, AZƏRTAC
Paytaxtın Nizami rayonunda Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Elman Süleyman oğlu Hüseynovun adını daşıyan küçənin açılış mərasimi olub. Qeyd edək ki, Bəhruz Nuriyev və Elşən Süleymanov küçələrini birləşdirən adsız küçə bundan sonra Elman Hüseynovun adını daşıyacaq.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərin göstərdiyi qəhrəmanlıq və şücaətdən danışıb, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparanların, şəhid olanların unudulmadığını, onlara və ailələrinə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini bildirib.
Mərasimdə çıxış edən şəhidin ailə üzvləri və Elmanın döyüş yoldaşları onun qəhrəmanlıq və vətənpərvərliyindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildiriblər.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Hüseynov Qarabağda baş verən hadisələrlə bağlı 1991-ci il sentyabrın 22-i Tərtər rayonunda könüllülərdən ibarət ərazi özünümüdafiə qərargahı yaradıb və onun rəisi olub.1991-ci il noyabrın 12-də “Tərtər” batalyonuna komandir təyin edilib. Ağdərə, Seysulan, Yarımca, Çaylı, Marquşevan, Marağa, Həsənqaya, Levonarx, Ortakənd, Sərsəng su anbarı, Kasapet, Drambon, Mağavuz, Çıldıran yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsi uğrunda rəşadətlə vuruşub. Batalyon komandiri döyüşlərdə bir neçə dəfə yaralanıb, 1993-cü il yanvarın 14-də cəsur komandir Kəlbəcər rayonunun Vəng kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. 1995-ci ildə Prezidentin Fərmanı ilə mayor Hüseynov Elman Süleyman oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.