Nizami rayonunda yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb
Bakı, 8 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 33 ünvanında yerləşən “Qızıl qaya” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yoxlama zamanı obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmadığı və elektrik təsərrüfatına profilaktik baxış keçirilmədiyi, quraşdırılan yanğınxəbərverici siqnalizasiya qurğularının işlək vəziyyətdə olmadığı, müəssisənin ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuzun bərk örtüklü müvafiq meydança ilə təmin olunmadığı, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmadığı və su mənbəyinə qədər olan məsafənin gostərilmədiyi məlum olub.
Həmçinin daxili yanğın kranlarının lülə və atıcı şlanqlarla təmin edilmədiyi, köçürmə yollarının yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmadığı, obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilmədiyi, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmadığı, obyektin siqaret çəkilməsi qadağan edilmiş otaqlarında və ərazilərində gözəçarpan yerlərdə qadağanedici nişanlar asılmadığı, yanğınxəbərverici siqnalizasiya qurğularına planlı texniki xidmətin göstərilməsi üçün ixtisaslaşmış təşkilatlarla müqavilə bağlanılmadığı da aşkar edilib.
Mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyini göstərir.
Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Qızıl qaya” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.