Norveç koronavirus pandemiyasına qarşı mübarizəyə yönəlmiş məhdudiyyətləri yumşaltmaq niyyətində deyil
Stokholm, 30 avqust, Rauf Əliyev, AZƏRTAC
Norveçin Baş Naziri Erna Sulberq krallığın koronavirus pandemiyasına qarşı yönəlmiş məhdudiyyətləri yumşaltmayacağını elan edib.
AZƏRTAC xəbər verir ki, Osloda keçirilən mətbuat konfransında hökumət başçısı deyib: “İnfeksiyaların sayı azalsa da, yenə də hər şeyin bitdiyini deyə bilmərik, buna görə də mövcud məhdudiyyətlərin davamlı olmasını təmin etməliyik".
E.Sulberqin sözlərinə görə, bundan sonrada 200-dən çox insanın iştirakı ilə keçiriləcək tədbirlər qadağan olunmağa davam edəcək, teatrlarda məsafə qaydaları qalacaq və idman tədbirlərində tamaşaçı sayında məhdudiyyət qoyulacaq.
“Çoxlarının məyus olduğunu başa düşürəm, amma biz bu addımları xəstəliyin yayılmasına nəzarət etmək üçün atırıq”,- deyə Erna Sulberq bildirib.
Avqustun əvvəlində, COVID-19-un yenidən yayılmasının qarşısını almaq üçün Norveç əvvəlcədən planlaşdırılmış qadağaların yumuşaldılmasından imtina edib. Bununla yanaşı, gecə yarısından sonra barlarda spirtli içkilərin satışının qadağan edilməsi kimi pandemiyaya qarşı yeni qadağalar təqdim olunub.
5,4 milyon insanın yaşadığı Norveçdə keçən həftə 356 nəfərə COVID-19 diaqnozu qoyulub və son məlumatlara görə avqust ayında həftəlik infeksiya nisbəti əvvəlki üç ayla müqayisədə xeyli yüksək olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm