“Notizie Geopolitiche”: Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində müasirliyin və demokratiyanın ilk nümunəsi sayılır
Roma, 31 may, AZƏRTAC
İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Azərbaycanın 28 May - Respublika Gününü qeyd etməsi ilə bağlı yazı yerləşdirilib.
Yazıda bildirilir ki, müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlətin qurulmasını əks etdirən bu milli bayram Azərbaycanda təntənə ilə qeyd olunur. Bu günün hər il böyük təntənə ilə bayram edilməsi beynəlxalq enerji bazarında önəmli mövqeyə malik Azərbaycanın hazırkı nailiyyətlərini anlamağa sövq edir. Avropa İttifaqı enerji təhlükəsizliyinin təminatı və mənbələrin şaxələndirilməsi məsələsində Azərbaycanın önəmini yaxşı başa düşür. Bu baxımdan İtaliya da bu ölkə ilə əlaqələri daha da gücləndirib. Dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri, TAP layihəsi ilə bağlı yekun qərarın İtaliya hökuməti tərəfindən dəstəklənməsi müsbət məqamlardır.
Məqalədə qeyd olunur ki, getdikcə müasirləşən, lakin hər zaman öz adət-ənənələrinə bağlı qalan Azərbaycanın tarixi və mədəni köklərini öyrəndikcə bu ölkəni daha yaxından tanımaq həvəsi yaranır. Azərbaycanlılar 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlətin məhz onlar tərəfindən qurulması ilə fəxr edirlər. Azərbaycan Xalq Cümhuriyyəti adlanan bu dövlət müsəlman aləmində müasirliyin və demokratiyanın ilk nümunəsi sayılır.
Müəllif yazır ki, hətta o dövrlərdə Azərbaycanda təhsil önəmli məsələ hesab olunurdu. Bakı Dövlət Universitetinin açılması, müsəlman qızlar üçün ilk dünyəvi məktəbin təsis edilməsi, Şərqdə ilk balet və operanın yaranması məhz bu dövlətin adı ilə bağlıdır. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti gələcək müstəqil dövlətin sağlam təməllərini yaratmış oldu.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma