NTD klubu “AAAF Xırdalan”ı, “Sərhədçi” isə “Zirvə Astara”nı məğlub edib
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) XI turu çərçivəsində daha iki oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk görüşü "AAAF Xırdalan" və NTD komandaları arasında olub. Oyuna sürətli başlayan NTD rəqib üzərində 108:80 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan" Devin Pullum (17 xal, 7 asist), NTD klubundan Londell King (37 xal, 20 ribaund) olublar.
Günün sonuncu oyununda "Sərhədçi" və "Zirvə Astara" basketbolçuları üz-üzə gəliblər. “Sərhədçi” oyuna fəal başlayaraq, yekunda rəqibi üzərində 94:84 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Sərhdəçi"dən Endar Poladxanlı (33 xal, 9 ribaund), "Zirvə Astara"dan isə Ruşhard Kruikşenk (37 xal, 7 ribaund) seçiliblər.
Qeyd edək ki, turun bağlanış oyunu dekabrın 25-də Şəki Olimpiya İdman Kompleksində "Olimpik" və "Neftçi" komandaları arasında keçiriləcək.