“NUR-SÜD” MMC-NİN SÜD MƏHSULLARI XARİCİ BAZARA ÇIXARILACAQDIR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 8-də Lənkəranda “Nur-Süd” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus süd məhsulları zavodu ilə tanış olmuşdur.
Bu müəssisə 2005-ci ildə “Palmali Holdinq” şirkətlər qrupu tərəfindən inşa olunmuşdur. 2008-ci ilin əvvəlindən etibarən müəssisədə “Palsüd” markası altında yeni məhsulun istehsalına başlanmışdır. İndiyədək müəssisəyə 32 milyon avro sərmayə qoyulmuş və burada ən son texnologiya tətbiq olunmuşdur. Gündə 15 ton süd emal etmək gücünə malik zavodda 600 nəfər çalışır. Heyvandarlar da daxil olmaqla, ümumilikdə müəssisə 10 min nəfəri əhatə edir. 25 çeşiddə məhsul hazırlanan fabrikdə yaxın gələcəkdə meyvəli yoqurt, Hollandiya pendiri və kəsmik istehsalına da başlanacaq, dondurma sexi tikiləcəkdir. Hazır məhsul üçün plastik və kağız qabların da burada istehsal layihəsi hazırlanmışdır.
Müəssisənin məhsullarının Gürcüstan, Rusiya və digər ölkələrə ixracı da nəzərdə tutulur.
Süd istehsalını və məhsulların keyfiyyətini yüksəltmək üçün 40 milyon avro dəyərində layihə həyata keçiriləcək ki, bu da bölgədə heyvandarlığın inkişafına güclü təkan verəcəkdir. Artıq ilkin mərhələdə Masallının Miyanku kəndində heyvandarlıq təsərrüfatının yaradılması və gündə hər biri 25-30 litr süd verən 600 baş inək gətirilməsi üçün müqavilə bağlanmışdır.
Müəssisə ilə yaxından tanış olan Prezident İlham Əliyev südün qəbulu, hazır məhsulların qablaşdırılması prosesini izlədi, məhsulların çeşidlərinə baxdı.
Dövlətimizin başçısı bu cür müəssisələrin ölkəmizin iqtisadi inkişafına təkan verdiyini vurğuladı və kollektivə uğurlar arzuladı.
Bununla da Prezident İlham Əliyevin Lənkəran rayonuna səfəri başa çatdı.
######
![]() |
![]() |

