SİYASƏT
Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
![Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü qeyd olunub](/files/2023/2/1200x630/16854505535088252163_1200x630.jpg)
Bakı, 30 may, AZƏRTAC
ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin, Bruklin Ticarət Palatasının əməkdaşları, türk, yəhudi, özbək icmalarının təmsilçiləri və soydaşlarımız iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və ABŞ-ın Dövlət himnləri səsləndirilib.
Tədbir iştirakçılarını salamlayan Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin rəhbəri Minəvvər Vahabova 1918-ci il mayın 28-nin xalqımız üçün əhəmiyyətindən danışıb.
Tədbirdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov, Bruklin Ticarət Palatasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Şahid Xan, Nyu-York Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Dağ Yəhudiləri icmasının lideri Yakov Abramov, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarova və “My Way” Uşaq-Gənclər Yaradıcılığı İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova çıxış ediblər. Çıxış edənlər xalqımızı və dünya azərbaycanlılarını bu möhtəşəm bayram münasibətilə təbrik edib, Azərbaycanın Müstəqillik Gününün bütün dünyada qeyd olunmasının önəmindən danışıblar. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının və müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin Azərbaycan haqqında fikirlərinə diqqəti cəlb ediblər.
Tədbir çərçivəsində Azərbaycanın tanınmış yazıçısı, PEN-Amerikanın üzvü Rövşən Abdullaoğlu ilə görüş təşkil edilib. ABŞ-da bestsellerə çevrilmiş əsərlərindən danışan yazıçı görüş iştirakçılarının suallarını cavablandırıb.