Odessada Xocalı soyqırımının 20-ci ildönümü gənclərin etiraz yürüşü və fleşmobla yad edilmişdir
Bakı, 21 fevral (AZƏRTAC). Xocalı soyqırımının 20-ci ildönümü Odessa şəhərində gənclərin etiraz yürüşü və fleşmobla yad edilmişdir.
İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşkil etdikləri etiraz yürüşünə bu şəhərdə yaşayan azərbaycanlılarla bərabər, ukraynalı, moldovan, yəhudi, türk və tatar gəncləri də qatılmışlar.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən AZƏRTAC-a bildirmişlər ki, “Ermənilər Xocalıda törətdikləri vəhşiliklərə görə tarix qarşısında cavab verməlidirlər!” şüarı ilə Odessa şəhərinin mərkəzi küçə və meydanlarında etiraz yürüşü keçirən aksiya iştirakçıları yerli əhaliyə ermənilərin Xocalı şəhərində törətdikləri vəhşilikləri fotoinformasiya bukletlərini paylamaqla çatdırmışlar. Havanın şaxtalı olmasına baxmayaraq yerə sərilərək Xocalı qurbanlarının sayını özündə əks etdirən 613 rəqəmini nümayiş etdirən gənclər Odessa şəhərinin mərkəzi meydanından havaya üzərində “Xocalıya ədalət!” sözləri yazılmış 613 qara şar buraxmaqla indiyədək erməni vəhşiliyinə göz yuman dünya birliyini və beynəlxalq təşkilatları haqqa və ədalətə səsləmişlər.
Sonra Odessa vilayətində yaşayan bir sıra xalqların diaspor təşkilatlarının nümayəndələrinin, yerli və xarici tələbələrin iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anara Tahirov və birliyin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva çıxış edərək son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışlar. Onlar 1992-ci ildə indiki Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın rəhbərliyi ilə Xocalı şəhərində dinc Azərbaycan əhalisinə qarşı törədilmiş misli görünməmiş vəhşiliklərə indiyədək beynəlxalq təşkilatların siyasi-hüquqi qiymət verməməsini dünyada hökm sürən ikili standartların məntiqi nəticəsi kimi səciyyələndirmişlər.
Mərasimə qatılanlar Xocalı qətliamını özündə əks etdirən sənədli filmə baxmaqla erməni quldur dəstələrinin şaxtalı fevral gecəsində məsum körpələrə, uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin, necə deyərlər, şahidinə çevrilmişlər.
“Xocalı soyqırımında birbaşa əli olan Ermənistanın indiki rəhbərliyi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”. Filmə baxdıqdan sonra belə bir bəyanatla çıxış edən Türkiyənin Odessa şəhərindəki baş konsulu Hüseyn Ərqani, Ümumukrayna Gənclər Təşkilatının sədri Anton Daritçenko, Moldova Gənclər Təşkilatının sədri Andrey Tetyu və başqaları aradan 20 il ötməsinə baxmayaraq dünya birliyinin belə bir faciəyə siyasi-hüquqi qiymət verməməsini tarixi ədalətsizlik kimi qiymətləndirmişlər.
Tədbirin sonunda ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımına siyasi-hüquqi qiymət verilməsi ilə bağlı Ukrayna parlamentinə və beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.