Oğuzda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
Oğuz, 20 yanvar (AZƏRTAC). Bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olan 20 Yanvar faciəsinin 22-ci ildönümü Oğuz rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsi və şərəf günü kimi geniş qeyd olunmuşdur.
Ümumrayon tədbirlər planına uyğun olaraq rayonun təhsil və mədəniyyət müəssisələrində inşa, şeir və rəsm müsabiqələri, tematik dərslər, konfranslar, xatirə gecələri, idman turnirləri təşkil olunmuşdur. Keçirilən tədbirlərdə 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri bir daha xatırlanmış, bu hadisələrin xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq tarixində şanlı bir səhifə olduğu qeyd olunmuşdur.
Faciənin ildönümü ərəfəsində Oğuz şəhərindəki Şəhidlər xiyabanının və kəndlərdəki şəhid abidələrinin ətrafında abadlıq, təmizlik və səliqə-sa hman işləri aparılmışdır.
Yanvarın 19-da rayonun bütün ümumtəhsil məktəblərində ilk dərslər “Qanlı Yanvar” mövzusuna həsr edilmişdir. 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı barədə fikirlər bu dərslərin əsas qayəsini təşkil etmişdir.
Yanvarın 20-də oğuzlular Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid həmyerlilərin uyuduğu Şəhidlər xiyabanını ziyarət etmiş, şəhid məzarları üzərinə gül-çiçək düzmüş, şəhidlərin ruhuna dualar oxumuşlar.