REGİONLAR
Oğuzda Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin xatirəsi anılıb
Oğuz, 4 mart, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Oğuz rayonunda da daim ehtiramla anılır. Belə igid oğullardan biri də rayonun Xaçmaz kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlidir.
Oğuz rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhidin doğum günü ilə əlaqədar martın 4-də rayon ictimaiyyətinin nümayəndələri, gənclər, şəhidin adını daşıyan Oğuz şəhər 3 saylı məktəb-liseyin kollektivi Nail İbrahimlinin Xaçmaz kənd Şəhidlər xiyabanındakı məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Sonra mərasim iştirakçıları şəhid Nail İbrahimlinin ailəsini ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olublar.
Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. O, 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2013-cü ildə hərbi xidməti başa vurub. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən Vətənə xidmətə yollanıb. Vətən müharibəsi zamanı Nail İbrahimli Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri kimi, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib, Füzuli, Qubadlı və Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Nail Şuşa döyüşlərinin birində qəhrəmancasına şəhid olub və Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Nail İbrahimliyə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda" və “Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.