Okinava prefekturasının parlamentinə keçirilən seçkilərdə yerli hakim partiyalar üstünlüyü saxlayıb
Tokio, 8 iyun, AZƏRTAC
Okinava prefekturasının qubernatoru Tamaki Dennini dəstəkləyən yerli hakim partiyalar prefektura parlamentinə seçkilərdə üstünlüyü saxlaya biliblər.
AZƏRTAC xəbər verir ki, iyunun 7-də keçirilən seçkilərdə 64 namizəd yerli parlamentdəki 48 yer uğrunda mübarizə aparıblar. Səsvermənin 13 seçki dairəsindən doqquzunda keçirildiyi qeyd edilir.
Səsvermənin nəticələrini uğurlu hesab edən qubernator D.Tamaki bildirib ki, mərkəzi hökumətin Futenmada yerləşən ABŞ dəniz piyadalarının aerodromunu Qinovan şəhərindən Naqo şəhərinin Henoko rayonuna köçürmək barədə planına qarşı mübarizəni davam etdirəcək.
Qeyd edək ki, səsvermənin nəticələrinə görə, qubernatoru dəstəkləyən Yaponiya Kommunist Partiyasının və Sosial Demokratik Partiyanın nümayəndələri 25 yer qazanıblar.
Okinavada müxalifətdə olan Liberal Demokratik Partiyanın (LDP) nümayəndələri isə koalisiya tərəfdaşı Komeyto partiyasının nümayəndələri ilə birlikdə cəmi 23 yer qazana bilib.
Xatırladaq ki, LDP və Komeyto Partiyası ölkə parlamentində üstünlüyə malikdirlər və hakim koalisiyanı təşkil edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio