Olimpiya çempionu: Hidayət Heydərov və Zelim Kotsoyevin Parisdə də medal qazanacağına inanıram
Bakı, 18 iyul, AZƏRTAC
“Paris Olimpiadası öncəsi cüdoçularımızın hazırlığı, əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bu yolda federasiya, Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsi öz dəstəyini əsirgəmir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Azərbaycan cüdoçularının “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığı barədə danışarkən deyib.
O, idmançıların Fransa paytaxtında keçiriləcək nüfuzlu yarışa böyük ölçüdə hazır olduqlarını bildirib: “Parisə yollanacaq heyətin sonuncu təlim-məşq toplanışı gedir. Qısa məşqlərlə yarışa hazırlaşırıq. Bütün idmançılardan uğurlu çıxış gözləyirik. İnanırıq ki, onlar ölkəmizi layiqincə təmsil edəcəklər”.
Olimpiya çempionu son dünya çempionatının qalibi olan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) Parisdə də mükafatçılar sırasına düşəcəyinə inandığını söyləyib: “Dünya və Avropa çempionlarımız nə qədər çox olarsa, bizim üçün sərvətdir. Məqsəd Elnur Məmmədlidən sonra gələn cüdoçuların da Olimpiya Oyunlarının qalibi olması üçün çalışmaqdır. Düzdür, Hidayət və Zelim son dünya çempionlarıdır və onların üzərində təzyiq olacaq. Lakin biz idmançılarla xüsusi olaraq işləyən mütəxəssislər cəlb etmişik”.
Veteran cüdoçu Səid Mollayinin Olimpiadadan kənar qalmasına da münasibət bildirib: “Səid Mollayi dünya çempionatından əvvəl əməliyyat keçirdi. Ona ümidlərimiz böyük idi. Təəssüf ki, zədə əngəl oldu. Buna görə də reytinqi yüksək olan Zelim Tçkayevin Parisə aparılmasına qərar verdik”.
Qeyd edək ki, Azərbaycanı Paris Olimpiadasında 48 idmançı 15 idman növü üzrə 17 proqramda təmsil edəcək.