Ölkəmizin bəzi əraziləri “duz qasırğası”nın təsirinə məruz qala bilər
Bakı, 19 aprel, AZƏRTAC
İranda güclü mövsümi küləklərin Urmiya gölünün səthində yarada biləcəyi “duz qasırğası” təhlükəsi ölkəmizin bir sıra ərazilərinə də təsir edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib: “Urmiya gölünün quruması prosesi davam edərsə, gələcəkdə “duz qasırğaları”na səbəb ola bilər və bu, İranın ətraf bölgələrinə, eləcə də Türkiyənin şərq hissəsi ilə yanaşı, ölkəmizin sərhədyanı ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasına, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan rayonlarının ərazisinə də təsirsiz ötüşməyəcək. “Duz qasırğaları”nın həm ekoloji mühitə, həm də insan sağlamlığına mənfi təsiri var. İlk növbədə, bu, özünü havada duzun miqdarının toz şəklində artması yuxarı tənəffüs yollarının fəaliyyətində, digər tərəfdən yağıntı baş verərsə, havada olan duz qatının torpağa çökərək şoranlaşma yaratması nəticəsində bitkilərin inkişafına təsir edəcək”.
Direktor müavinin dediyinə görə, qasırğa külək vasitəsilə qərb istiqamətindən gəldiyi üçün ölkəmizin cənub bölgəsinə təsiri hiss olunmayacaq.