Ombudsman Aparatının əməkdaşları internat məktəbinə başçəkmə zamanı bəzi çatışmazlıqlar aşkar ediblər
Bakı, 6 oktyabr, AZƏRTAC
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə baş çəkiblər.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, başçəkmənin məqsədi uşaqların hüquqlarının təmin olunması vəziyyəti, saxlanma şəraiti və rəftar məsələləri, tibbi yardımın və psixoloji işin təşkili, qidalanma səviyyəsi, müvafiq sənədləşmənin aparılması, o cümlədən əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı təkliflərin icrası məsələlərinin yerində araşdırılması olub. Bu məqsədlə məktəbin bütün ərazisinə, o cümlədən yataqxanaya, mətbəxə, yeməkxanaya, tibb otaqlarına baxış keçirilib, müəssisənin əməkdaşları ilə söhbət aparılıb.
Monitorinq zamanı əvvəlki başçəkmələr çərçivəsində verilmiş tövsiyələrə uyğun müəyyən edilmiş bir sıra çatışmazlıqların aradan qaldırıldığı, lakin bəzi problemlərin hələ də qaldığı müəyyən edilib. Belə ki, xüsusi təhsilə cəlb olunan şagirdlərin, ibtidai siniflər istisna olmaqla, müvafiq dərsliklərlə təmin edilmədiyi, müəssisədə psixoloji xidmətin təkmilləşməsinə böyük ehtiyacın olduğu, məktəbin ərazisində 136 ailənin məskunlaşması səbəbi ilə sıxlığın olduğu aşkarlanıb.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib, o cümlədən ombudsmanın 916 Çağrı Mərkəzi və Milli Preventiv Mexanizmin fəaliyyəti haqqında məlumat xarakterli nəşrlər təqdim olunub.
Başçəkmənin yekunları ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.
Qeyd edək ki, Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə əvvəlcədən xəbərdarlıq olunmadan başçəkmələr həyata keçirilir.