OMBUDSMAN İMİŞLİYƏ SƏFƏR ETMİŞDİR
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, görüşdən məqsəd ombudsmana müraciət etmiş İmişli rayonu sakinlərinin ərizə və şikayətlərini yerində araşdırmaq, problemlərini öyrənmək, onlara hüquqlarını izah etmək idi.
Ombudsman görüş iştirakçılarına respublikamızda gedən dinamik proseslər, bütün sahələrdə aparılan islahatlar barədə məlumat vermişdir. Qəbula gələn rayon sakinlərini ayrı-ayrılıqda dinləmiş, sosial problemləri, çətinlikləri ilə maraqlanmışdır. Ərizəçilərin böyük əksəriyyəti mülkiyyət hüququnun pozulmasından, torpaq islahatının düzgün aparılmamasından, ayrılmış torpaq sahələrinin mülkiyyətçilərə təhkim olunmasında və sənədləşdirilməsində nöqsanlara, qeyri-obyektivliyə yol verilməsindən şikayətlənmişlər.
Qəbulda sahibkarlıq hüququnun pozulması, bələdiyylərlə bağlı problemlər də qaldırılmış, əmək qanunvericiliyinə zidd olaraq işdən çıxarılma faktları qeyd edilmişdir.
Qeyd edilən şikayət ərizələrinin bir qisminə dair “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq tövsiyələr verilmişdir. Şikayətlərin digər qismi göstərilən qanuna müvafiq olaraq baxılması üçün icraata qəbul edilmiş, bir sıra şikayətlər üzrə isə aidiyyəti orqanlara konkret tapşırıqlar veriləcəyi bildirilmişdir.