On altı ölkədə koronavirusa yoluxanların sayı milyonu ötüb
Bakı, 23 dekabr, AZƏRTAC
Peruda COVID-19 xəstəliyinə yoluxanların sayı 1 milyon 153 nəfərə çatdı və beləliklə o, koronavirusa yoluxanların sayının milyonu ötdüyü 16-cı ölkə oldu.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, yaxın günlərdə Ukrayna və Cənubi Afrika Respublikasında da koronavirusa yoluxanların sayının milyonu keçəcəyi gözlənilir.
Eyni zamanda, Avropada COVID-19 infeksiyasına yoluxma halları artmaqdaa davam edir. Koronavirusun yeni genetik variantının qeydə alındığı Böyük Britaniyanın hakimiyyət orqanları onun yoluxuculuq qabiliyyətinin daha çox olacağını güman edirlər.
Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 78 milyon 476 min nəfəri, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 726 min nəfəri keçib. Həmçinin 55 milyon 245 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 21 milyon 504 min 372 xəstədən 106 min 289 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 18 milyon 684 mini ötüb (dünya üzrə yoluxanların 23 faizi). Hindistanda 10 milyon 99 min, Braziliyada 7 milyon 320 min, Rusiyada 2 milyon 933 min, Fransada isə 2 milyon 490 min yoluxma qeydə alınıb.
Dünyada koronavirus qurbanlarının təxminən 19 faizi Birləşmiş Ştatların payına düşür - 330 min 824 nəfər. Ölüm göstəricisinə görə ilk beşliyə daxil olan Braziliyada 188 min 285, Hindistanda 146 min 476, Meksikada 119 min 495, İtaliyada isə 69 min 842 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.
Əhalinin sayına görə hər milyon nəfərə düşən ən çox ölüm halı Belçikada qeydə alınıb - 1,62 min nəfər. İtaliyada bu göstərici 1,15 min, Peruda 1,12 min, İspaniyada 1,05 min, Böyük Britaniyada min, ABŞ-da isə 997 nəfərdir.