ONKOLOJİ ELMİ MƏRKƏZİN ƏRAZİSİNDƏ RADİOAKTİV MADDƏLƏRİN TAPILMASI HAQQINDA XƏBƏRLƏR HƏQİQƏTDƏN UZAQDIR
Mərkəzin baş direktoru akademik Cəmil Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, həqiqətdən çox uzaq olan və heç bir fakta əsaslanmayan bu məlumat əhali, xəstələr arasında narahatlıq, OEM-in işçilərində narazılıq doğurmuşdur. Biz bu yanlış məlumatın yayılmasına qəti etiraz edir və bildiririk ki, Mərkəzin bütün tarixində heç vaxt belə hadisə baş verməmişdir.
Cəmil Əliyev demişdir: Mərkəzin şüa terapiya şöbəsi birmərtəbəli, tamamilə yenidən qurulmuş və yenidən tikilmiş, Azərbaycan Respublikasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) radiasiya təhlükəsizliyi normaları və qaydalarına tam cavab verən korpusdan ibarətdir. Onkoloji xəstələrin şüa müalicəsi bu korpusda yerləşən və kompyuter sistemi ilə təchiz olunmuş ən müasir radioloji aparatlarla həyata keçirilir. Rusiya istehsalı “Rokus M”, Çexiya istehsalı “TERAGAM” distansion qamma aparatları, Varian firmasının (ABŞ) “Gamma Med” braxioterapiya (kontakt şüa müalicəsi) aparatları müalicəni Avropa standartları səviyyəsində aparmağa imkan verir. Şüa planlaşdırılması və dozimetriyası kompyuter sistemi vasitəsilə yerinə yetirilir, müalicə proseduralarına monitorlarla nəzarət edilir, lazım olduqda xəstələrlə birbaşa ünsiyyət yaradılır. Bütün bunlar xəstələrin dəqiq və keyfiyyətli müalicəsini təmin edir, tibb heyətini və xəstələri əlavə radiasiya təsirindən tam qoruyur. İonlaşdırıcı şüalarla işləyən tibb heyəti və texniki işçilər müasir fərdi dozimetrlərlə təmin olunmuşlar. Müasir dozimetriya sistemi isə şüa mənbələrində norma və qaydalara uyğun olaraq vaxtında dozimetriya aparmağa imkan verir. Şüa mənbələri yerləşdirilmiş otaqlar müasir fiziki qoruyucu sistemlərlə təchiz edilmişdir.
OEM-in baş direktoru onu da bildirmişdir ki, respublikanın nəzarətedici orqanları (Sanitariya və Gigiyena Mərkəzi, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Agentliyi), habelə BAEA-nın ekspertləri tərəfindən vaxtaşırı olaraq şüa terapiyası şöbəsində yoxlamalar aparılır, protokollaşdırılır. İndiyə kimi nəinki OEM-in ərazisində, hətta şöbənin özündə radioaktiv şüalanmanın norma daxilində olduğu qeyd edilmişdir.