ORTA İXTİSAS MƏKTƏBLƏRİNƏ ƏSAS TƏHSİL BAZASINDAN QƏBUL İMTAHANININ VAXTI AÇIQLANMIŞDIR
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, abituriyentlərə sentyabrın 5-dən 7-dək sənəd verdikləri sənəd qəbulu komissiyalarından “Abituriyent vəsiqəsi”, “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası” paylanacaqdır. İmtahan keçirilən binanın adı, ünvanı, imtahanın başlanma vaxtı “İmtahana buraxılış vərəqəsində” göstərilmişdir. Abituriyentlər imtahana özləri ilə “Abituriyent vəsiqəsi”ni, “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini (16 yaşı tamam olmayanlar isə doğum haqqında şəhadətnaməni) mütləq gətirməlidirlər.
Əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə 8014 plan yerinə 10353 ərizə qəbul olunmuşdur. Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla, Azərbaycan dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri ana dili fənn bloku daxilində rus dili ilə yanaşı, Azərbaycan dili fənnindən biliklərini göstərməlidirlər. Azərbaycan dili fənnindən 5, rus dilindən isə 10 sual təqdim olunacaqdır.
İmtahandan sonra bir həftə ərzində nəticələr “Abituriyent” jurnalında dərc ediləcək və TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Qəbul imtahanının nəticələri elan olunduqdan sonra tələbə adını almış gənclər müəyyənləşdirilmiş müddətdə lazımi sənədləri qəbul olduğu təhsil müəssisəsinə təqdim edib qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcəkdir.
Orta ixtisas məktəblərinə qəbul olmayanlar imtahan nəticələri haqda məlumatı bilavasitə sənəd verdikləri təhsil müəssisəsindən ala bilərlər.