Ötən il ölkə üzrə 9 milyard 845 milyon manat məbləğində satınalma baş tutub
Bakı, 3 iyun, AZƏRTAC
2024-cü ildə ölkə üzrə ümumilikdə 19 min 602 sayda 9 milyard 845 milyon manat məbləğində satınalma baş tutub ki, bu da 2023-cü illə müqayisədə məbləğ baxımından 30,5 faiz, say baxımından 57 faiz çoxdur. Dövlət satınalmaları ilə əhatə edilmiş məbləğin artımına yeni qanunda satınalma predmetinin maliyyə vəsaiti hesabına əldə edilməsinin təsbit olunması və ehtimal olunan qiymətin minimum məbləği 5 min manatdan aşağı olan - şərti ortalama məbləği 2758,2 manat və sayı 1849 olan “kiçik müqavilələr” də təsir edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin iyunun 3-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Hesablama Palatasının sədri, həmçinin qeyd edib ki, 2024-cü ili əhatə edən əksər dövlət proqramlarının hesabat ili üçün proqnoz və icra məbləğləri barədə məlumatlar (qismən) göstərilsə də, nəzərdə tutulmuş tədbirlər üzrə əldə olunmuş nəticələr barədə məlumatlar Hesabatda əks etdirilməyib. Eyni zamanda, təqdim olunmuş sənəddə 2 dövlət proqramı üzrə xərclər barədə məlumat verilməyib, 3 dövlət proqramı üçün dövlət büdcəsində vəsait nəzərdə tutulsa da, vəsait icra edilməyib. Hesab edirik ki, dövlət proqramlılığı üzrə məlumatlılığın əks olunması və xərclərin proqramlılıq səviyyəsi üzrə dəqiqləşmələr aparılmalıdır.