Ötən il Vəkillər Kollegiyası 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib

Bakı, 18 aprel, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Kollegiya tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilir, vəkillik institutunun inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür. 2024-cü il ərzində Vəkillər Kollegiyası tərəfindən ölkə üzrə ümumilikdə 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bu tədbirlərin əsas məqsədi vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər çıxışının təmin olunması və onların konstitusion hüquqlarının müdafiəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın Rəyasət Heyətinin aprelin 18-də keçirilən geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində çıxış edərkən deyib. A.Bağırov çıxışında son dövrlərdə vəkillərin say artımı ilə müşayiət olunan müsbət dinamikanı da qeyd edərək bildirib ki, Vəkillər Kollegiyası Akademiyasında vəkillərin peşəkar inkişafına xüsusi önəm verilir. O qeyd edib ki, akademiyada vəkillər, gənc hüquqşünaslar davamlı olaraq müxtəlif mövzularda təlim və tədris proseslərinə cəlb olunur, onların etik davranışının, hüquqi savadının, praktiki bilik və bacarıqlarının artırılmasına diqqət yetirilir.
A.Bağırov, həmçinin hüquq ictimaiyyəti üçün mühüm platformalardan biri olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının nüfuzunu xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, Hüquq və İnsan Haqları İnstitutu tərəfindən hazırlanmış ikinci Monitorinq Hesabatına əsasən, bu jurnal ölkədə ən çox oxunan hüquqi nəşrlər sırasında birinci yer tutub.