ÖTƏN İLİN ƏN FƏAL DEPUTATLARI MÜKAFATLANDIRILMIŞLAR
Bakı, 14 yanvar (AZƏRTAC). Yanvarın 14-də Azərbaycan Dövlət İncəsənət Muzeyində Parlament Jurnalistləri Birliyi (PJB) tərəfindən Milli Məclisin 2009-cu ildəki fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirilmiş sorğunun nəticələri açıqlanmışdır.
“Qaradağ Sement” ASC-nin maliyyə dəstəyi ilə keçirilən tədbirdə PJB-nin sədri Elşad Eyvazlı qeyd etmişdir ki, qurum artıq dörd ildir Milli Məclisdə fəallığı ilə seçilən deputatları müəyyənləşdirir. Jurnalistlər arasında keçirilmiş sorğu nəticəsində dörd nominasiya üzrə fəal deputatlar müəyyən olunur.
Bildirilmişdir ki, sorğu nəticəsində “İlin qanunvericilik təşəbbüsü ilə ən fəal çıxış edən deputatı” nominasiyasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qalib elan olunmuşdur. Qeyd edilmişdir ki, məhz Mehriban xanım Əliyevanın təqdim etdiyi “Amnistiya aktı haqqında” Qanun əsasında 9 minə yaxın insan əfv olunmuş, onlardan 1500 nəfəri azadlığa qovuşmuşdur.
“İlin ən fəal deputatı” nominasiyasında Milli Məclisin geniş iclaslarında cari və gündəlikdəki məsələlərin müzakirəsi zamanı fəallıqları ilə seçilən deputatlar müəyyən edilmişdir. Bu nominasiya üzrə Milli Məclis sədrinin müavini Bahar Muradova, deputatlar Siyavuş Novruzov, Aydın Mirzəzadə, Əli Məsimli, Vahid Əhmədov, Azay Quliyev, Zahid Oruc, Fazil Mustafa və Qüdrət Həsənquliyev qalib elan olunmuşlar.
“Seçici hüquqlarını müdafiə edən fəal deputat” nominasiyası üzrə isə Qənirə Paşayeva, Gülər Əhmədova, Fuad Muradov, Nazim Məmmədov, Elmira Axundova, Cəmil Həsənli, Sabir Rüstəmxanlı, Arzu Səmədbəyli, İkram İsrafil və İltizam Əkbərli qalib seçilmişlər.
“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən fəal deputat” nominasiyası üzrə isə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Gültəkin Hacıbəyli, Nizami Cəfərov və Asəf Hacıyev qalib elan edilmişlər.
Qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim edilmişdir.
Deputatlar çıxışlarında onların fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürlərini bildirmişlər.