Özbəkistan portalı Azərbaycan Prezidentinin Tərtər, Ağdam və Bərdə rayonlarına səfərindən yazır
Daşkənd, 2 may, AZƏRTAC
Özbəkistanın Sharh.uz portalı Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Tərtər, Ağdam və Bərdə rayonlarına səfər etmələri, Ermənistan silahlı qüvvələrinin dağıtdığı evlərə baxmaları və yerli əhali ilə görüşləri haqqında məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğalçı Ermənistan ordusu tərəfindən aprelin 27-dən 28-nə keçən gecə iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərində, rayonun Qapanlı və Ağdamın Mahrızlı kəndlərində dağılmış və zərər çəkmiş evlərə baxıblar.
Məlumatda Tərtər və Ağdam rayonlarında erməni ordusu tərəfindən dağıdılan evlərin, sosial obyektlərin və məktəblərin sayı göstərilir. Bildirilir ki, ermənilər artıq mülki obyektləri və evləri hədəf alıb, bir neçə günün içərisində bu rayonlarda yüzlərlə ev, məktəb və sosial obyektlər dağıdılıb.
Bildirilir ki, Tərtər, Ağdam, Goranboy, Ağcabədi və Füzuli rayonlarının təmas xəttinə yaxın ərazilərdə mülki əhaliyə, kənd təsərrüfatına ciddi ziyan dəyib, kommunal obyektlər, elektrik və qaz xətləri, yol təsərrüfatı, rabitə və digər kommunikasiyalar sıradan çıxıb, yerli əhalinin yüzlərlə mal-qarası tələf edilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin baş katibi Pan Gi Muna və digər beynəlxalq təşkilatların rəhbərlərinə müraciət ünlanladığı diqqətə çatdırıb.
Özbəkistan oxucularına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilib.
Məlumat AZƏRTAC-ın xəbərləri əsasında hazırlanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd