Özbəkistanda “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” rəsm müsabiqəsi elan olunub
Daşkənd, 23 aprel, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsinə start verilib və bu layihə çərçivəsində “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsi elan edilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Azərbaycanın İsmayıllı regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzi ilə birlikdə keçirilir.
Müsabiqənin əsas məqsədi Özbəkistanın və Azərbaycanın rəsm çəkmək istedadı olan yeniyetmə və gənc rəssamlarını evdə qaldıqları müddətdə səmərəli vaxt keçirərək gözəl sənət əsərləri yaratmağa sövq etmək, onların fəaliyyətini stimullaşdırmaq, Azərbaycan, türk mədəniyyətini təbliğ etmək, dostluq və qardaşlıq bağlarını daha da dərinləşdirməkdir. Müsabiqədə Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, bölgənin özəlliyi və tarixini daha geniş əks etdirən rəsm əsərlərinə üstünlük veriləcək. Seçim zamanı müdaxiləsiz işlər xüsusi önəm qazanacaq.
Təqdim olunan rəsm əsərlərini Azərbaycan və Özbəkistanın tanınmış rəssamlarının daxil edildiyi münsiflər heyəti qiymətlədirəcək. Hər iki ölkədən 5 ən yaxşı iş seçiləcək və qaliblərə AMM-nin və İsmayıllı regional Mədəniyyət İdarəsinin pul mükafatları, habelə fəxri diplomları təqdim olunacaq.
Müsabiqə üçün göndərilən bütün rəsm əsərlərinin Azərbaycan və Özbəkistanda sərgi salonlarında təqdimatı keçiriləcək, habelə bu əsərlər AMM-nin layihəsi ilə Özbəkistanın müxtəlif ali məktəblərində, mədəniyyət müəssisələrində yaradılan Azərbaycan ocaqlarına hədiyyə ediləcək.
Bundan başqa, müsabiqəyə təqdim olunan rəsm əsərləri və onlar haqqında məlumat, fotoşəkillər Mədəniyyət Mərkəzinin saytında və Vikipediya Elektron ensiklopediyasında yaradılacaq səhifədə yerləşdiriləcək.
Aprelin 24-dən start veriləcək müsabiqə14-30 yaş həddi üzrə keçiriləcək. İyunun 15-ə qədər rəsmlərin fotoları, habelə tablonu çəkən rəssamın şəxsiyyətini təsdiq edən sənədin surəti və özü haqqında məlumat (əlaqə nömrələri, email) Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna göndərilməlidir. ([email protected]).
Rəsm əsərlərinin orijinalının isə Özbəkistan tərəfdən AMM-yə (Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küçəsi 9, Azərbaycan tərəfdən isə Bakı şəhərindəki Xətai Sənət Mərkəzinə (Bakı şəhəri, Xocalı küçəsi 62) göndərilməsi xahiş edilir.
Müsabiqənin digər şərtləri haqqında əlavə məlumatı Mədəniyyət Mərkəzinin saytından əldə etməl olar: (http://azculture.uz/musabiqeler.php?link=musabiqeler)
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd