Özbəkistanlı nazir: Yeni texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq lazımdır VİDEO
Bakı, 6 may, AZƏRTAC
Özbəkistan iqlim dəyişiklikləri və su çatışmazlığına daha çox məruz qalan ölkələrdən biridir. Bizim 5 milyon kubmetr su qıtlığımız var. Lakin ölkədə kənd təsərrüfatı inkişaf etdirilir, yeni texnologiyalar və süni intellektin tətbiqi ilə nailiyyətlər əldə edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistanın kənd təsərrüfatı naziri İbrahim Abdurahmanov “İqlim, iqtisadi və təhlükəsizlik problemləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları” adlı paneldə çıxışı zamanı bildirib.
O bildirib ki, su probleminin həll olunması üçün Özbəkistanda geniş formada damcı üsulu ilə suvarma sistemindən istifadə olunur.
“Bu üsul suya qənaət etməklə yanaşı, torpağı və bitkiləri mövsüm boyu qidalandırır. Özbəkistan ildə 40-45 milyard dollar həcmində kənd təsərrüfatı məhsulları istehsal edir və bu rəqəmi yeni texnologiyaların tətbiqi ilə yaxın illərdə 60 milyard dollara çatdırmağı planlaşdırır. Ötən il Özbəkistanda 1,5 milyon ton pambıq tədarük edilib. Bildiyiniz kimi pambıq çox su tələb edən bitkidir. Biz ərazi təhlükəsizliyini nəzərə alaraq pambıq əkini üçün ayrılmış sahələri azaltdıq və bu sahələrdə ərzaq məhsulları yetişdirməyə başladıq”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, Özbəkistan 10 milyon ton taxıl tədarük etmək imkanındadır: “Ərzaq təhlükəsizliyi proqramına uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalını 6 faiz artırmaq qərarına gəlmişik. Bu, o qədər də asan məsələ deyil. Lakin müasir çağırışlar bunu tələb edir və bu işin öhdəsindən gəlməyə çalışırıq. Müasir dünyada geosiyasi gərginlik və logistika problemləri maneələr yaradır ki, bunlar da qlobal xarakter daşıyır. Özbəkistan dənizə çıxışı olmayan ölkədir. Bu istiqamətdə biz Türkiyə və Azərbaycan ilə əməkdaşlıq edirik”.