PAKİSTAN AZƏRBAYCANA HƏRTƏRƏFLİ KÖMƏK GÖSTƏRMƏYƏ HAZIRDIR
Aprelin 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev admiral Şahid Navazın rəhbərliyi ilə Pakistan İslam Respublikası Milli Müdafiə Kollecinin nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general-polkovnik S. Əbiyev qonaqları salamladıqdan sonra qeyd etmişdir ki, Azərbaycan və Pakistan xalqları tarixən sıx dostluq telləri ilə bir-birinə bağlıdır. Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bunun üçün biz Pakistan dövlətinə və onun xalqına minnətdarıq.
Sonra general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəbləri və nəticələri, Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət haqqında qonaqlara ətraflı məlumat vermişdir. Müdafiə naziri demişdir ki, hazırda Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan artıq soydaşımız ağır şəraitdə yaşayır. Azərbaycan Prezidenti Heydər Əliyevin səyləri və yürütdüyü siyasət nəticəsində 1994-cü ildən Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs rejimi hökm sürür. Biz bu məsələnin dinc yolla həllinin tərəfdarıyıq. Əgər Ermənistan bunu başa düşməsə, biz torpaqlarımızı azad etmək hüququmuzdan istifadə edəcəyik.
Admiral Şahid Navaz səmimi qəbul üçün müdafiə nazirinə təşəkkür etmiş və demişdir ki, Pakistanda Azərbaycanın Dağlıq Qarabağ və digər problemləri haqqında bütün həqiqətləri yaxşı bilirlər. Qaçqınlar problemi bizə çox tanışdır. Bizim prezidentimiz, hökumətimiz və xalqımız torpaqlarınızın erməni işğalçılardan təmizlənməsində sizə hərtərəfli kömək göstərəcəkdir. O demişdir: “Hərbi sahədə Azərbaycan-Pakistan əməkdaşlığı uğurla inkişaf edir. Biz məmnunuq ki, sizin zabitləriniz Pakistanın ali hərbi məktəblərində təhsil alırlar. Sizin Pakistana səfərlərinizi biz yaxşı xatırlayırıq”.
General-polkovnik S.Əbiyev Azərbaycanın haqq işini dəstəklədiyinə görə Pakistan xalqına və prezident Pərviz Müşərrəfə minnətdarlıq etmiş, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.
Sonra o, qonaqları maraqlandıran suallara ətraflı cavab vermişdir.
Görüşdə Pakistanın Azərbaycandakı səfiri Faiz Məhəmməd Xoso iştirak etmişdir.